
Tramp: HƏMAS israilli girovları azad etməzsə "cəhənnəm qopacaq"
12 Fevral 2025
ABŞ prezidenti Donald Tramp bildirib ki, HƏMAS (ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır) şənbə günü - fevralın 15-i günorta saatlarına qədər Qəzzada saxladığı qalan israilli girovlar qaytarmasa, Qəzza atəşkəsi ləğv edilməlidir.
ABŞ prezidentinin bu açıqlaması HƏMAS-ın girovların azad edilməsini gecikdirəcəyi ilə bağlı açıqlmasından bir neçə saat sonra gəlib. Belə ki, HƏMAS-ın nümayəndəsi Əbu Übeydə İsraili yanvarın ortalarında bağlanmış müvəqqəti atəşkəs razılaşmasını pozmaqda ittiham edib. HƏMAS sözçüsünə görə, son üç həftə ərzində mülki şəxslərin Qəzza zolağının şimalına buraxılmasında gecikmələr və onların atəşə tutulması, Qəzzaya humanitar yardımın çatdırılmasında yubanmalar qeydə alınıb. O deyib ki, bütün bunlarla əlaqədar olaraq HƏMAS girovların azad edilməsini qeyri-müəyyən müddətə təxirə salacaq. Qrup həmçinin İsraildən razılaşmanın pozulmasına görə "təzminat" tələb edib.
Ağ evdə jurnalistlərin suallarını cavablayan prezident Tramp HƏMAS-ın ötən həftə buraxdığı israilli girovların sağlamlıq durumundan və qrupun növbəti günlərdə daha çox israilli girovu azad etməyəcəyi ilə bağlı açıqlamasından narazılığını bildirib: "Mən deyərdim ki, girovlar şənbə günü saat 12-yə qədər qaytarılmalıdır, bu, uyğun vaxtdır. Onlar tək-tək yox, iki-bir, üç-dörd və iki şəklində yox, hamısı qaytarılmalıdır. Əgər qaytarılmasalar, mən deyərdim ki, razılaşmanı ləğv edin, qoy cəhənnəm qopsun".
"Düşünürəm ki, girovların çoxu artıq ölüb", - o, sözlərinə əlavə edib.