Konqresdən Gürcüstan qərarı: Rusiya və Çinin kəşfiyyat fəaliyyəti araşdırılacaq
10 İyun 2026
ABŞ Nümayəndələr Palatası Gürcüstanda Rusiya və Çin kəşfiyyatının fəaliyyətinə dair hesabat hazırlanması haqqında qanun layihəsini qəbul edib. Bu addım hakim "Gürcü Arzusu" partiyasının rəhbərliyi altında rəsmi Tbilisinin yürütdüyü siyasi kursdan Vaşinqtonun getdikcə daha çox narahat olduğunu göstərən növbəti ciddi siqnaldır.
"Qafqazda Çinin nüfuzuna qarşı mübarizə aktı" adlı qanun layihəsi iyunun 8-də Nümayəndələr Palatasında sürətləndirilmiş prosedurlarla müzakirəyə çıxarılaraq hər iki partiyanın dəstəyi ilə qəbul edilib. Sənəd Gürcüstandakı Rusiya və Çin kəşfiyyat şəbəkələrinin araşdırılmasını, Moskva və Pekinin əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsini, həmçinin Vaşinqtonun Tbilisi ilə gələcək münasibətlər strategiyasına dair hesabatların hazırlanmasını nəzərdə tutur.
ABŞ konqresmenləri "Gürcü Arzusu" hökumətini ölkədə demokratiyanı zəiflətməkdə, həmçinin Rusiya və Çin ilə yaxınlaşmaqda ittiham edirlər. Digər tərəfdən, Gürcüstan cəmiyyətində Avroatlantik inteqrasiya xəttinə geniş xalq dəstəyi qalmaqdadır.
Qanun layihəsinin müəllifi, Cənubi Karolinadan olan respublikaçı konqresmen Co Uilson səsvermədən sonra AzadlıqRadiosuna bildirib ki, bu təşəbbüsün əsas məqsədi Gürcüstan xalqını dəstəkləməkdir: "Antiamerika mövqeli "Gürcü Arzusu" Gürcüstan xalqının iradəsini təmsil etmir. Gürcü xalqı ABŞ ilə güclü münasibətlərin tərəfdarıdır. Bunun yolu isə siyasi məhbusların azad edilməsindən, azad və ədalətli seçkilərin keçirilməsindən, həmçinin Çin, Rusiya və İranın zərərli təsirlərinin aradan qaldırılmasından keçir".
ABŞ şirkəti əvəzinə Çin konsorsiumunun seçilməsi
AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu yazır ki, müzakirələr zamanı hər iki partiyanın təmsilçiləri bu qanun layihəsini Gürcüstanda demokratiyanın geriləməsinə və xarici təsirlərin genişlənməsinə qarşı zəruri cavab tədbiri kimi qiymətləndiriblər.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin respublikaçı sədri Brayan Mast son hadisələrin ölkədəki demokratiyanın vəziyyəti ilə bağlı ciddi suallar doğurduğunu vurğulayıb. O, Pekinin Gürcüstandakı nüfuzunun artmasına diqqət çəkərək strateji əhəmiyyətə malik Anakliya dərin dəniz limanı layihəsi üçün ABŞ şirkəti əvəzinə Çin konsorsiumunun seçilməsini tənqid edib: "Rəqabət yaxşı haldır, amma belə kritik infrastrukturlardan söhbət gedəndə tərəfdaşlarımız Çin Xalq Respublikasının yarada biləcəyi riskləri mütləq nəzərə almalıdırlar".
B.Mast qeyd edib ki, qanun layihəsinin əsas məqsədi Gürcüstanda Rusiya və Çin kəşfiyyat fəaliyyətinin miqyasını müəyyənləşdirmək və rəsmi Tbilisinin ABŞ ilə sıx tərəfdaşlığa sadiq qalıb-qalmadığını dəyərləndirməkdir.
Çin və Gürcüstanın yüksələn əlaqələri
Çin və Gürcüstan iyunun 9-da münasibətlərini "hərtərəfli strateji tərəfdaşlıq" səviyyəsinə yüksəltdiklərini elan ediblər. Bu qərarı Çin lideri Si Cinpin və Gürcüstan prezidenti Mixeil Kavelaşvili iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 34-cü ildönümündə açıqlayıblar.
Baş nazir İrakli Kobaxidze brifinqdə bu günü "çox mühüm", imzalanmış sazişi isə "çox vacib" adlandırıb. Hökumət başçısı bu qərarın Gürcüstan-Çin münasibətlərini daha da dərinləşdirəcəyini deyib. O, iki ölkə arasında viza rejiminin ləğv edildiyini, həmçinin ticarət-iqtisadi əməkdaşlıqda "konkret və nəzərəçarpan" nəticələrin əldə olunduğunu vurğulayıb.
ABŞ bu yaxınlaşmaya kəskin reaksiya verib. "Qeyri-legitim "Gürcü Arzusu" rejimi Gürcüstan xalqının iradəsinə və ABŞ-nin maraqlarına zidd olaraq ölkəni Çin Kommunist Partiyasına, müharibə cinayətkarı Putinə və İrana satmaqdadır", – konqresmen Co Uilson deyib. Onun sözlərinə görə, yeni qanun layihəsi münasibətlərin gərgin olduğu bir dönəmdə Gürcüstanın ABŞ-dən aldığı irihəcmli maliyyə yardımının gələcək taleyini müəyyənləşdirməyə imkan verəcək.
Buna baxmayaraq, qanun layihəsinin tərəfdarları dəfələrlə vurğulayıblar ki, bu təşəbbüs Gürcüstanı cəzalandırmaq yox, yerli vətəndaşları dəstəkləmək məqsədi daşıyır. Demokrat konqresmen Ami Bera bildirib ki, sənəd "Gürcüstan hökumətini qaralamağa yönəlməyib", əksinə, ABŞ-nin Gürcüstan xalqının Avroatlantik inteqrasiya arzularına sadiqliyini göstərir.
Qanun layihəsinin qüvvəyə minməsi üçün sənəd Senatda təsdiqlənməli və ABŞ prezidenti tərəfindən imzalanmalıdır.