Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur

Ermənistan hökuməti "Tramp marşrutu"nun həyata keçirilməsi üçün Türkiyə və Azərbaycana gedən dəmiryolu xətlərinin yenidən qurulmasını müstəqil şəkildə həyata keçirəcək.

“Kommersant” xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan seçicilərlə görüşdə bildirib.

Bundan əvvəl Ermənistan hakimiyyəti yolların bərpası ilə bağlı Rusiyaya müraciət etmişdi.

"Türkiyə tərəfində iş artıq başlayıb və dəmiryolu açılacaq. Biz də Yerask qovşağının yenidən qurulmasına başlayacağıq. Ermənistan hökuməti bunu öz üzərinə götürəcək", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, İrəvan ölkənin dəmir yollarının konsessiya müqaviləsinə əsasən "Rusiya Dəmiryolları"nın (RJD) törəmə şirkəti tərəfindən idarə olunmasına baxmayaraq, vəsaiti müstəqil şəkildə yatıracaq.

Ermənistanın baş naziri həmçinin qeyd edib ki, Gürcüstanın Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedən dəmiryolu idxal və ixrac üçün açılıb.

"Türkiyə və Gürcüstandan olan tərəfdaşlara təşəkkür edirəm", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, 2008-ci ilin fevralında Ermənistan respublikanın dəmiryolu nəqliyyatı sisteminin idarəçiliyinin RJD-nin törəmə şirkəti olan "Cənubi Qafqaz Dəmir Yolu"na verilməsi ilə bağlı konsessiya müqaviləsi imzalayıb. Müqavilə 30 il müddətinə bağlanıb və daha 10 il uzadılması imkanı nəzərdə tutulub.

2025-ci ilin dekabrında Nikol Paşinyan Rusiyadan Türkiyə və Azərbaycanla sərhədlərə aparan dəmiryolu hissələrinin qısa müddətdə bərpasını xahiş etmişdi. Həmin hissələr ABŞ ilə birgə həyata keçirilən "Tramp marşrutu" nəqliyyat layihəsinin reallaşdırılması üçün vacib hesab olunur.

Martın əvvəlində Paşinyan dəmir yolunun idarəçiliyinin Qazaxıstan, BƏƏ və ya Qətər kimi başqa ölkəyə verilməsi məsələsini Rusiya ilə müzakirə etdiyini bildirmişdi. Rusiyanın nəqliyyat naziri Andrey Nikitin isə Moskvanın belə danışıqlar aparmadığını bəyan etmişdi.