Dünya Kuboku ərəfəsində İran millisinin bilet kvotası ləğv edilib
10 İyun 2026
İran Futbol Federasiyası bildirir ki, Dünya Kubokunun başlamasına bir neçə gün qalmış federasiyaya ayrılmış bilet kvotası ləğv edilib.
İyunun 9-da yayılan bəyanatda deyilir ki, "çoxsaylı iranlı futbol azarkeşi rəsmən elan olunmuş prosedura güvənərək oyunları izləmək üçün əvvəlcədən plan qurmuşdu".
Federasiya bildirib ki, Dünya Çempionatının hər oyunu üçün bilet tutumunun 8 faizi iştirakçı ölkələrin federasiyalarına ayrılmalı idi. Buna uyğun olaraq İran Futbol Federasiyası rəsmi saytı vasitəsilə milli komandanın Yeni Zelandiya, Belçika və Misir ilə keçirəcəyi oyunların biletlərinin satışına başlamışdı.
ABŞ, Meksika və Kanadada bu ay start götürən 2026-cı il Dünya Kubokunun təşkilatçıları, eləcə də FIFA hələlik bu məsələyə münasibət bildirməyiblər.
İran millisinin bu Dünya Kubokunda iştirakı bir sıra mübahisələrlə müşayiət olunub.
"The New York Times" qəzeti ABŞ hökumətindəki dörd yüksək vəzifəli rəsmiyə istinadla yazıb ki, İran millisinin bütün 26 futbolçusunun viza müraciəti qəbul edilib. Amma komandanı müşayiət etməli olan 10-dan çox texniki heyət üzvü və federasiya rəsmisinə ABŞ-yə giriş icazəsi verilməyib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli şəxslərin milli komandanın heyətində Dünya Çempionatına göndərilməsi cəhdlərinin qarşısı alınacaq.