Seçki baş tutdu, qələbə qazanıldı – Sonra nə olacaq?
Paşinyanın gələcək addımları, Rusiya və Avropa ilə münasibətləri ciddi maraq doğurur
09 İyun 2026
Ermənistan Mərkəzi Seçki Komissiyasının bülletenlərin 100%-i emal edildikdən sonra açıqladığı ilkin məlumatlara görə, Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası rusiyalı-erməni milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” blokunu qabaqlayır – müvafiq olaraq 49,81%-ə qarşı 23,29%.
Daha iki müxalif siyasi qüvvə – keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” Partiyası da seçki baryerini keçərək müvafiq olaraq 9,94% və 4% səs toplayıblar.
Komissiyanın məlumatına görə, seçici fəallığı 59% təşkil edib.
Ermənistanda parlament yerləri D’Ont sistemi əsasında bölüşdürülür. Mürəkkəb texniki təfərrüatlara varmadan desək, bu sistemin mahiyyəti ondan ibarətdir ki, keçid baryerini aşa bilməyən partiyaların səsləri parlamentə düşən siyasi qüvvələr arasında yenidən bölüşdürülür. Üstəlik, bu bölgü elə qurulub ki, daha çox səs toplayan partiya əlavə olaraq daha böyük “bonus” əldə edir. Buna görə də “Vətəndaş Müqaviləsi” seçkilərdə 50%-dən az səs toplasa belə, bu sistem üzrə yenidən hesablamadan sonra daha çox mandat qazana bilər.
Lakin hətta hazırda məlum olan minimum göstəriciyə əsaslansaq belə, 49,81%-lik nəticə o deməkdir ki, “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə inamlı çoxluğu qoruyub saxlayır və hökuməti müstəqil şəkildə formalaşdırır, lakin mandatların mütləq çoxluğunu (105 yerdən 61-ni) əldə etmir.
Bu nəticə partiya lideri Nikol Paşinyanın baş nazir seçilməsini təmin edir, lakin Konstitusiyaya dəyişikliklərin edilməsi üçün ona situativ müttəfiqlər axtarmaq lazım gələcək.
Parlament seçkilərinin yekunlarına əsasən, Milli Məclisdə mandatlar dörd siyasi qüvvə arasında aşağıdakı qaydada bölüşdürülüb:
- “Vətəndaş Müqaviləsi” — 61 mandat (hakim partiya)
- “Güclü Ermənistan” — 28 mandat
- “Ermənistan” — 11 mandat
- “Çiçəklənən Ermənistan” — 5 mandat
Ermənistan qanunvericiliyinə əsasən, hakim partiya ən çox səs topladığı üçün hökuməti təkbaşına formalaşdırmaq hüququna malikdir. Baş nazirin seçilməsi üçün ikinci turda sadə parlament çoxluğu kifayət edir.
“Vətəndaş Müqaviləsi” bütün nazirləri müstəqil şəkildə təyin edəcək və Nazirlər Kabinetini formalaşdıracaq.
Qanunların böyük əksəriyyətinin (adi qərarların) qəbul edilməsi üçün partiyanın özünün 61 səsi kifayətdir. Halbuki bunun üçün tələb olunan minimum hədd 53 səsdir.
Konstitusiya qanunlarının qəbul edilməsi üçün deputatların 5-də 3-nün çoxluğu (63 mandat), Konstitusiyaya dəyişiklik edilməsi üçün isə 3-də 2-nin çoxluğu (70 mandat) tələb olunur. Hakim partiyanın 5-də 3 çoxluğa çatması üçün cəmi iki mandatı çatmadığından, xüsusilə vacib məsələlərdə müxalifətlə razılaşma əldə etməsi lazım gələcək.
61 mandatın mövcudluğu hakim partiyaya formal koalisiya yaratmadan bütün səlahiyyət müddəti ərzində sabit qanunvericilik bazasına söykənərək fəaliyyət göstərməyə imkan verir. Müxalifət isə Qarabağ hadisələrindən sonra sərt mövqe tutur və Rusiyaya meylli siyasi kursa sadiq qalır.
Ermənistanın baş naziri Nikol Paşinyanı bir sıra xarici liderlər təbrik ediblər. Səslərin hesablanması və rəsmi nəticələrin yekunlaşdırılması prosesi davam etdiyindən, təbrik edənlərin siyahısı da daim genişlənir.
İrakli Kobaxidze — yekun nəticələr açıqlanmamışdan əvvəl Paşinyanı təbrik edən ilk liderlərdən biri olub və iki ölkə arasındakı münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Kasım-Jomart Tokayev — seçkilərin açıq şəkildə keçirildiyini qeyd edib və fəal əməkdaşlığa hazır olduğunu təsdiqləyib.
Emmanuel Makron — Paşinyana səmimi təbrik məktubu göndərərək qələbəni inandırıcı adlandırıb və Ermənistanın suverenliyinə dəstəyini vurğulayıb.
Ursula von der Leyen — Paşinyanı təbrik edərək bildirib ki, “Ermənistan Avropaya getdikcə daha da yaxınlaşır” və Avropa İttifaqının dəstəyinə arxalana bilər.
Edqars Rinkevics — ölkəsinin Ermənistanın demokratik inkişaf yolunu qətiyyətlə dəstəklədiyini bəyan edib.
Svetlana Tixanovskaya — Paşinyanı və erməni xalqını demokratiyanın qələbəsi münasibətilə təbrik edib.
Bəs başa çatan seçki mərhələsinin ümumi yekunu və peşəkar qiymətləndirilməsi nədən ibarətdir?
Seçki prosesi ədalət prinsiplərinə nə dərəcədə uyğun olub və onun mexanizmləri cəmiyyət üçün nə qədər aydın idi?
Seçkilərin qalibi səlahiyyətlərinin icrasına başladıqdan sonra hansı fəaliyyət strategiyasını seçəcək?
Ermənistanın həm beynəlxalq arenada, həm də ölkə daxilində dövlət siyasətinin əsas prioritetləri nədən ibarət olacaq?
Bu nəticələr regionun sabitliyi və gələcək siyasi mənzərəsi baxımından hansı əhəmiyyətə malikdir?
Pressklub.az-ın suallarına cavab verən Şərqi Avropa ölkələri üzrə tanınmış rusiyalı ekspert, jurnalist və analitik Vadim Dubnovun fikrincə, ilk növbədə Nikol Paşinyanı möhtəşəm siyasi-texnoloji qələbəsi münasibətilə təbrik etmək lazımdır.

“Paşinyan, strateji baxımdan o qədər də həlledici əhəmiyyət daşımayan bir ölkədə baş verən tamamilə lokal hadisəni dünyanın taleyini dəyişən geosiyasi hadisə kimi təqdim edə və müasir dünya siyasətinin bütün əsas oyunçularını bu prosesin iştirakçısı kimi göstərə bildi.
Əslində isə hesab edirəm ki, geosiyasi qarşıdurmanın əhəmiyyəti xeyli şişirdilib. Ümumiyyətlə, geosiyasi qarşıdurmalarla bağlı belə hallar tez-tez baş verir. Məncə, Rusiyanın və Qərbin iştirakı, Rusiya ilə Qərb arasında seçim barədə bütün söhbətlər yalnız siyasi texnologiyanın məhsulu idi. Bunlar səsvermənin əsas motivi olan sülhün qorunması və məhz bu kontekstdə Nikol Paşinyanın hakimiyyətinin davam etdirilməsi ideyasının üzərinə əlavə olunmuşdu. Düşünürəm ki, o, buna nail ola bildi”, – ekspert bildirib.
Bununla belə, onun qənaətincə, bundan sonra bütün bu ajiotaj tədricən səngiyəcək. Çünki Ermənistan nə Qərb üçün, nə də Rusiya üçün o qədər mühüm əhəmiyyət daşımır.
“Mən hesab edirəm ki, Rusiya ilə Ermənistan arasında əvvəllər mövcud olmuş münasibətlər artıq olmayacaq. Bu, Nikol Paşinyanın çox qərbyönlü siyasətçi olmasına görə deyil. Sadəcə, Ermənistanda artıq həmin xüsusi münasibətləri nəzərdə tutan hakimiyyət modeli mövcud olmayacaq.
Buna görə də düşünürəm ki, bu seçkilərin regionun siyasi vəziyyəti üçün əhəmiyyəti də xeyli şişirdilib. Əlbəttə, Paşinyanın məğlub ola biləcəyi ilə bağlı gözləntilər əsasında müəyyən siyasi xətt formalaşa bilərdi. Bu, iqtisadiyyatda inflyasiya gözləntilərinə bənzəyir; bəzən həmin gözləntilər inflyasiyanın özündən daha mühüm və daha riskli olur.
Lakin hamı Nikol Paşinyanın istənilən halda qalib gələcəyini başa düşürdü. Buna görə də həm bu narahatlıqlar, həm də risk hissi Ermənistan seçkilərini Qərblə Şərq arasında seçim və ya sivilizasiya modeli uğrunda mübarizə kimi təqdim edən təsəvvürlər qədər süni idi”, – Dubnov yekunlaşdırıb.
Rauf Orucov