Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH-dan xəbərdarlıq: Hörmüz boğazında yalnız Tehranın dediyi dəhliz təhlükəsizdir

İran Hörmüz boğazından keçmək istəyən bütün gəmilərə yenidən xəbərdarlıq edib ki, yeganə təhlükəsiz marşrut Tehranın cızdığı dəhlizdir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi-dəniz qüvvələrinin komandanlığı mayın 5-də bildirib ki, gəmilərin digər marşrutlara yönəlməsi təhlükəlidir və bu cür hallara qarşı "qətiyyətli cavab" veriləcək.

Yenilənmiş xəritə

SEPAH donanmasının yaydığı yenilənmiş xəritədə Hörmüz boğazı yaxınlığındakı bir sıra strateji ərazilərin də İranın nəzarəti altında olduğu qeyd edilib. Həmin zonalara BƏƏ-nin Füceyrə və Xor-Fakkan limanları ilə yanaşı, Ümm əl-Qüveyn əmirliyinin sahil xətti də daxil edilib.

Sözügedən xəbərdarlıqdan bir gün əvvəl ABŞ ordusu neytral ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçidini təmin etmək üçün "Azadlıq" əməliyyatına başlamışdı. ABŞ və İsrailin fevralın 28-də İranla müharibəyə başlaması və buna cavab olaraq SEPAH-ın boğazı bağlaması səbəbindən həmin gəmilər iki aydan artıqdır ki, Fars körfəzində qalıb.

ABŞ-nin başladığı əməliyyatının ilk günündə SEPAH bir neçə gəmiyə atəş açıb, İranla əlaqələndirilən dronlar isə BƏƏ-nin Füceyrə neft limanında yanğına səbəb olub. Tehran sonradan BƏƏ-yə hücum etmədiyini bildirib.

ABŞ prezidenti Donald Tramp artıq İranla razılaşmanı yekunlaşdırmaq məqsədilə "Azadlıq" əməliyyatında fasilə elan edib.

Vaşinqton qətnamə layihəsi hazırlayıb

Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Hörmüz boğazında naviqasiya təhlükəsizliyini qorumaq məqsədilə BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib. Qətnamədə İran qlobal ticarəti təhdid etməkdə günahlandırılır.

Rubio bəyanatında deyib ki, İran gəmiçiliyə mane olmaqla, dəniz minaları yerləşdirməklə və qanunsuz rüsum tətbiq etməyə çalışmaqla "dünya iqtisadiyyatını girov saxlayır". Fars körfəzindəki tərəfdaş ölkələrin dəstəklədiyi qətnamə layihəsi İranı hücumları, minalama fəaliyyətini və rüsum tətbiqini dayandırmağa çağırır. Sənəddə həmçinin minalanmış ərazilərin açıqlanması tələb olunur və regionda humanitar dəhlizin yaradılması dəstəklənir.

Rubionun sözlərinə görə, ABŞ sənədin yaxın günlərdə səsverməyə çıxarılacağını gözləyir.