Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sanksiya qalmaqalı: Venesiya Biennalesində Lavrovun qızının izi

Rusiyanın Venesiya Biennalesində iştirakı Avropa İttifaqının (Aİ) sanksiyalarının pozulması kimi qiymətləndirilə bilər. "The Financial Times" qəzetinin əldə etdiyi məktublara görə, Avropa Komissiyası bu barədə İtaliyanın baş naziri Corca Meloni hökumətinə xəbərdarlıq göndərib. Söhbət Kremlə "xidmət göstərilməsi" ilə bağlı qadağanın pozulmasından gedir. Belə ki, Rusiya pavilyonunun sahibi Vladimir Putinin hökumətidir.

Avropa Komissiyasının mədəniyyət agentliyi tədbir təşkilatçılarına ünvanladığı məktubda yazıb: "Biennale Aİ sanksiyalarına riayət etməməklə Avropa İttifaqının təməl dəyərlərinə sadiqlik öhdəliyini şübhə altına alır".

Kiyevin mövqeyi

Moskva 2022-ci ildə Ukraynaya qarşı başlatdığı tammiqyaslı müharibədən sonra ilk dəfədir ki, bu mötəbər mədəniyyət tədbirinə qatılır. Kiyev bildirib ki, sözügedən beynəlxalq tədbir "Rusiyanın hər gün Ukrayna xalqına və mədəni irsinə qarşı törətdiyi hərbi cinayətlərin ört-basdır edilməsi üçün məkana çevrilməməlidir".

FT yazır ki, Brüssel tədbir təşkilatçıları ilə Rusiya hökuməti arasındakı razılaşmaların izahatını tələb edərək 30 gün vaxt qoyub. Qəzet Meloninin hökumətindən cavab ala bilməyib. Biennale rəhbərliyi isə mayın 5-də bildirib ki, bütün milli və beynəlxalq hüquqi normaları yoxlayıb və onlara əməl edir.

Hələ martda Avropa Komissiyası Rusiyanın tədbirdə iştirakına icazə verilməsini kəskin şəkildə qınamış və biennaleyə ayrılan üçillik 2 milyon dollarlıq qrantı kəsməklə hədələmişdi.

Lavrovun qızının şirkəti

Qəzetin məlumatına görə, Rusiya pavilyonunu "Smart Art" şirkəti idarə edir. Şirkətin həmtəsisçiləri Yekaterina VinokurovaAnastasiya Karneyevadır. Karneyeva "Rostex" dövlət müdafiə konserninin direktor müavininin, istefada olan generalın qızıdır. Vinokurova isə Rusiya xarici işlər naziri Sergey Lavrovun qızıdır.

Aİ-nin təzyiqlərini yumşaltmaq məqsədilə biennale belə bir qərar verib ki, Rusiya pavilyonu yalnız xüsusi dəvətli qonaqlar üçün nəzərdə tutulan önbaxış və vernisaj günlərində -cümə gününə qədər açıq olsun. Şənbə günü – mayın 9-da tədbir geniş ictimaiyyət üçün rəsmən açıldıqdan sonra isə Rusiya pavilyonu bağlanacaq.