"Qara qızıl" hasilatı azalmaqda davam edir
16 Oktyabr 2025
2025-ci ilin yanvar-sentyabrında Azərbaycanda 20.7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Bu barədə oktyabrın 15-də Energetika Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, hasilatın 12 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 2.9 milyon tonu (kondensat) "Şahdəniz"in, 0.4 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5.4 milyon tona yaxındır.
Bu dövrdə 17.4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14.9 milyon tonu konsorsiumların, 2.1 milyon tonu SOCAR-ın, 0.4 milyon tonu isə "Abşeron" yatağının payına düşüb.
Beləliklə, bəlli olur ki, ötən illə müqayisədə neft hasilatında azalma var (-4.2 faiz). Ötən ilin doqquz ayında bu rəqəm 21.6 milyon ton olmuşdu.
Son illər Azərbaycanda "qara qızıl"ın hasilatı azalır. Bütünlükdə ötən il bu göstərici 29.1 milyon ton olub.
Ölkədə hasilatın pik dövrü 2009-cu ildə olub, 50.9 milyon ton neft hasil edilib.
Amma təkcə neft hasilatı yox, onun qiyməti də düşür. Aparılan hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta qiyməti 82.87 ABŞ dollarına bərabər olub. Bu il isə bu rəqəm 70 dollardan cüzi artıqdır.
Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür. İqtisadçılar hesab edirlər ki, nə qədər ki Azərbaycanda qeyri-neft sektoru real şəkildə inkişaf etməyib, "qara qızıl"ın hasilatının azalması və dəyərinin düşməsi tənəzzülə yol aça bilər.