Logo
news content
User
Kateqoriyalar

Xəbər

Məhkəməsi başlanan jurnalistlərlə əlaqədar Prezidentə müraciət

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV” işi üzrə prosesə hazırlıq iclası keçiriləcək. Bu cinayət işi ilə əlaqədar ibtidai istintaq mərhələsində polis 12 jurnalist həbs edib, onlara qarşı bir neçə ağır maddə, o cümlədən mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Məhkəmə iclası ərəfəsində Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri, bir sıra beynəlxalq mükafatlar laureatı Arzu Abdullayeva ölkə Prezidenti İlham Əliyevə müraciət edib. 

Komitə sədri bildirir ki, mövcud məlumatlara əsasən, jurnalistlərə qarşı irəli sürülmüş ittihamlar “onların hərəkətlərinin mahiyyəti ilə müqayisədə həddindən artıq ağır görünür və daha çox mümkün peşə və ya inzibati xarakterli pozuntulara aiddir”. 

Müraciətdə deyilir: 

“Bu insanların heç birinin fəaliyyəti dövlətə qarşı yönəlmiş niyyət daşımayıb. Onların fəaliyyəti peşə borcları və fikir ifadəsi ilə bağlı olub ki, bu da jurnalist və vətəndaş fəallarının işinin təbii hissəsidir. Konstruktiv tənqid cəmiyyətlə dövlət arasında etimadı möhkəmləndirir və idarəetmənin təkmilləşməsinə kömək edir”.

Həbs olunmuş jurnalistlərin bir çoxunu uzun illərdir şəxsən tanıdığını, bu müddət ərzində onların Vətənə sevgisinə və ona xidmət etmək istəyinə dair heç vaxt şübhəsi yaranmadığını qeyd edən Arzu Abdullayeva yazır:

“Bu gün Azərbaycan fəal və uğurlu xarici siyasət həyata keçirir, ölkəmizin beynəlxalq nüfuzu güclənir. Lakin əvvəlki idarəçilik təcrübəsindən miras qalmış bəzi daxili praktika elementləri bəzən müasir dövlət kursuna uyğun olmayan mənfi assosiasiyalar yarada bilir”.

Bütün bunları nəzərə alaraq, Arzu Abdullayeva Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılması başlayan cinayət işi üzrə ittiham olunanlar barəsində seçilmiş “həbs qətimkan tədbirinin dəyişdirilməsinə və jurnalistlərin məhkəmə zalından azad edilməsinə” Prezidentdən kömək xahiş edir:

“Bu qərar dövlətlə vətəndaş cəmiyyəti arasında yeni münasibətlərin başlanğıcını təmin edən güclü humanitar jest olar, cəmiyyətdə etimadı artırar, dövlətin nüfuzunu yüksəldər və Azərbaycan dövlətçiliyinin ən yaxşı ənənələrinə uyğun gələrdi”.