Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan İstintaq Komitəsi separatçıların İrəvan "nümayəndəliyində" axtarış aparır

"Artsax nümayəndəliyi"ndə axtarış

İrəvanda İstintaq Komitəsinin "Artsax nümayəndəliyi"ndə axtarış apardığı bildirilir. "Azatutyun" yazır ki, bu barədə "Şərəfim var" fraksiyasının katibi Tiqran Abramyan məlumat verib.

O, axtarışların "Artsax sakinlərinin geri qaytarılması ilə bağlı parlament dinləmələrindən bir gün sonra" aparıldığını qeyd edib.

Ermənistan İstintaq Komitəsi axtarışın səbəbini açıqlamayıb. Qarabağda doğulmuş vəkil, fəal Roman Yeritsyan reydin "ehtimal edilən iqtisadi cinayətlər" üzrə istintaq ilə əlaqələndirib.

"Azatutyun" "Qarabağın mühacirətdə olan rəhbərliyi"nin bir gün öncə həmin binada dinləmələr keçirdiyini yazır.

Ermənistan Baş Prokurorluğu bu ilin iyulunda Yerevanda məhkəməyə müraciət edərək binanın 2017-ci ildə formal məxsus olduğu "Qarabağ hökuməti"ndən alınmasını xahiş edib.

“Qarabağ ermənilərinin lideri” qayıtmaq uğrunda mübarizə aparacaqlarını deyir

Qarabağın keçmiş separatçı lideri Azərbaycana qayıtmaq hüquqları uğrunda mübarizəni davam etdirəcəklərini deyir. Bu fikirlər dekabrın 10-da Yerevanda dinləmələrdə səslənib.

"Əsas məqsədimiz Artsax (Qarabağ) xalqının vətəninə qayıtmaq, orada təhlükəsiz yaşamaq, gələcək siyasi statusunu öz müqəddəratını təyinetmə əsasında müəyyən etmək hüquqlarını reallaşdırmaqdır", – özünü "Qarabağın prezidenti vəzifəsini icra edən" şəxs kimi təqdim edən Aşot Danielyan deyib.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, dinləmələrə müxalif siyasətçilər, ictimai fiqurlar qatılıb. Danielyanın sözlərinə görə, Qarabağ ermənilərinin qayıdış uğrunda mübarizəsində "yeni fəsil" açacaqlar. Amma o, konkret hansı addımları nəzərdə tutduğunu deməyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə birgünlük hərbi əməliyyatlar ilə ərazi bütövlüyünü bərpa edib. 2023-cü il əməliyyatından sonra 100 mindən çox erməninin Qarabağdan köçdüyü bildirilir. Onlar əsasən Ermənistana gediblər. Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edib, amma Bakı bu ittihamı qəbul etməyib, Qarabağ erməniləri üçün reinteqrasiya planı açıqlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan qaçqınların qayıdışı mövzusunu sülh prosesinə təhlükə saydığını bildirib.

Bakı və Yerevan bu il avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflayıblar.