Dünyanın iki paralel sistemə bölünəcəyi proqnozlaşdırıldı: NATO-dan xəbərdarlıq
07 Dekabr 2025
NATO-nun Hərbi Komitəsinin keçmiş rəhbəri admiral Rob Bauer xəbərdarlıq edib ki, bir neçə ildən sonra dünya BMT-nin rəhbərlik etdiyi mövcud sistemin səmərəsizliyi səbəbindən iki paralel sistemə bölünə bilər.
Hərbçi bunu Dohada keçirilən forumda deyib. Yayım tədbirin veb-saytı ilə aparılıb.
"Düşünürəm ki, ehtiyatlı olmasaq, 5-10 ildən sonra dünyada iki paralel sistem görəcəyik. BMT-nin himayəsi altında vahid beynəlxalq qaydalara əsaslanan sistem yox, iki paralel sistem. Bir tərəfdə Avropa, Şimali Amerika, Cənubi Koreya, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Sinqapur, digər tərəfdə insanların fərqli bir sistem istədiyi BRICS var. Düşünürəm ki, onlar fərqli qaydalar istəyirlər", - deyə admiral qeyd edib.
Bauer bildirib ki, bunun təkcə hökumətlər üçün deyil, həm də dünya üzrə biznes üçün böyük nəticələri olacaq. Çünki iki fərqli hüquq və maliyyə sistemi olacaq. Bu baxımdan dünya ikiyə bölünəcək.