Türkiyədə siyasi fırtına: köhnə-yeni ssenari isə düşdü
Ana müxalifətə qarşı əməliyyat hansı nəticələrlə yekunlaşa bilər?
24 May 2026
Hazırda ağır iqtisadi böhran məngənəsində olan qardaş Türkiyə siyasətində son illərin ən böyük siyasi-hüquqi qarşıdurması yaşanır. Ankara Apellyasiya Məhkəməsinin Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü il qurultayını şübhə altına alan qərarı, keçmiş sədr Kamal Kılıçdaroğlunun yenidən rəhbərliyə qaytarılması cəhdi və partiya qərargahı ətrafında yaşanan gərginlik Türkiyədə siyasi atmosferi partlayış həddinə çatdırıb.
Beləliklə, ana müxalifət məhkəmənin çıxardığı mübahisəli qərarla daxili böhrana sürüklənib. Müşahidəçilərin qənaətinə görə, ötən il korrupsiya və s. ittihamlarla həbsə atılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna və digər bələdiyyə sədrlərinə qarşı aylardır davam edən siyasi və hüquqi təzyiqlərdən sonra indi də birbaşa partiyanın rəhbərliyini dəyişməyə yönəlmiş proses işə salınıb.
Müxalifət düşərgəsi artıq bunu adi hüquqi proses deyil, birbaşa “siyasi mühəndislik əməliyyatı” adlandırır. CHP rəhbərliyi hesab edir ki, məqsəd 2024-cü il bələdiyyə seçkilərində ağır məğlubiyyət alan hakimiyyətin müxalifəti daxildən dağıtmaq planını həyata keçirməkdir. Prezident Rəcəb Tayyib Ərdoğan və digər hakimiyyət mənsubları isə müxalifətin bu iddialarını rədd edir, baş verənlərin CHP-nin daxili işi olduğunu bildirirlər.
Məlum olduğu kimi, böhranın mərkəzində CHP-nin 2023-cü ilin noyabrında keçirilmiş və Özgür Özəlin qələbəsi ilə nəticələnmiş qurultayı dayanır. Həmin qurultay Türkiyə müxalifətində “dəyişiklik inqilabı” kimi təqdim olunurdu. Çünki uzun illər CHP-yə rəhbərlik etdiyi dövrdə 13 seçkinin hamısında iqtidara məğlub olmuş Kamal Kılıçdaroğlu ilk dəfə partiyadaxili seçkilərdə məğlub edilmişdi. Lakin qurultaydan sonra bəzi keçmiş partiya funksionerləri və qurultay nümayəndələri məhkəməyə müraciət edərək iddia etdilər ki, onların iradəsinə təsir göstərilib, səsvermə zamanı qanunsuzluqlar baş verib və bəzi nümayəndələrə müxtəlif vədlər verilib.
İki gün əvvəl Ankara Apellyasiya Məhkəməsinin qurultayın nəticələrinin hüquqi baxımdan etibarsız sayılması barədə qərarı faktiki olaraq Özgür Özəlin legitimliyini hüquqi baxımdan sual altına salıb. CHP lideri isə baş verənlərə son dərəcə sərt reaksiya verərək, birbaşa Ərdoğan hakimiyyətini ittiham edib: “Milyonlarla insanın iradəsi ilə formalaşmış qurultay nəticələrini sarayın nəzarətində olan məhkəmələrlə dəyişmək xalqın seçiminə açıq müdaxilədir. CHP-ni məhkəmə dəhlizlərində diz çökdürmək istəyirlər”.
İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğlu isə bəyan edib ki, məsələ təkcə Özgür Özəlin sədrliyi deyil. Əsas məqsəd Əkrəm İmamoğlunun 2028-ci il prezident seçkilərinə gedən yolunu bağlamaq, CHP-də “dəyişiklik komandasını” dağıtmaq, müxalifəti daxili savaşın içinə salmaqdır. İmamoğluya yaxın deputatlar da bildirirlər ki, hakimiyyət əvvəlcə İstanbul bələdiyyəsinə qarşı korrupsiya və terror istintaqları açdı, sonra İmamoğlunu siyasi qadağa təhlükəsi ilə üz-üzə qoydu, indi isə növbə birbaşa CHP-yə çatıb.
CHP kulislərində danışılan əsas ssenari budur: hakimiyyət anlayır ki, 2024-cü il bələdiyyə seçkilərindən sonra Türkiyədə siyasi balans dəyişib və CHP ilk dəfə AKP üçün real hakimiyyət alternativinə çevrilib. Buna görə də müxalifətin əsas güc mərkəzini daxildən dağıtmaq planı işə salınıb.
Apellyasiya məhkəməsinin qərarından sonra bu gün səhər saatlarında Kılıçdaroğlunun vəkilləri və bəzi deputatlar CHP Baş Qərargahına gəlsələr də, binaya buraxılmayıblar. Bundan sonra Kılıçdaroğlunun vəkili Celal Çelik Ankara Polis İdarəsinə rəsmi müraciət edib və partiya qərargahının onlara təhvil verilməsini tələb edib.
Celal Çelik ərizəsində açıq şəkildə bildirib: “CHP-ni təmsil etmək səlahiyyəti artıq Kamal Kılıçdaroğlu rəhbərliyinə məxsusdur. Mövcud rəhbərlik qərargahı qanunsuz olaraq boşaltmır”.
Bu müraciət Türkiyə siyasətində şok effekti yaratdı. Çünki CHP tarixində ilk dəfə keçmiş sədr partiya qərargahını polis vasitəsilə geri almağa çalışır. Gərginlik böyüdükcə Kamal Kılıçdaroğlu özü də açıqlama yayaraq dövlət qurumlarını məhkəmə qərarını icra etməyə çağırdı.
O, bildirib: “Partiyanın bütün təşkilatlarından məhkəmə qərarına uyğun davranmalarını və dövlət qurumlarına kömək göstərmələrini xahiş edirəm”.
Bu açıqlama CHP daxilində yeni qəzəb dalğası yaradıb. Sosial şəbəkələrdə minlərlə CHP tərəfdarı Kılıçdaroğlunu xainlikdə, hakimiyyətin dəyənəyinə çevrilməkdə, partiyanı bölməkdə ittiham edərək, ona nifrin püskürüb.
Hadisələrin ən kritik mərhələsi isə Ankara Valiliyinin müdaxiləsi oldu. Valilik bu gün rəsmi açıqlama yayaraq bildirdi ki, Kamal Kılıçdaroğlunun vəkilinin müraciətindən sonra Ankara Polis İdarəsinə məhkəmə qərarının icrası ilə bağlı göstəriş verilib. Bu açıqlamadan dərhal sonra CHP qərargahı ətrafına əlavə çevik qüvvə gətirilib, polis kordonu gücləndirilib, bina ətrafına TOMA-lar və xüsusi vasitələr gətirilib, giriş-çıxışa məhdudiyyət qoyulub. Polisin dəstəyini hiss edən Kılıçdaroğlunu dəstəkləyən qrup qərargahda toplaşan partiya üzvlərinə qarşı şüarlar səsləndirməyə, onları hədələməyə, əlbəyaxa davaya cəhd edib. CHP funksionerləri bildiriblər ki, həmin şəxslərin partiyaya hər hansı aidiyyəti yoxdur, onların mafiya, qeyri-leqal qruplar və cinayətkar dəstələrlə əlaqəli şəxslər olduğu iddia edilir.
Ən maraqlı məqamlardan biri odur ki, vəziyyətin bu hala gəldiyini görən Kılıçdaroğluna yaxınlığı ilə tanınan bəzi CHP deputatları belə onun polis vasitəsilə qərargaha daxil olmaq cəhdini sərt tənqid etdilər. İstanbul millət vəkilləri Engin Altay, Ali Öztunç və Gürsel Erol birgə açıqlamada bildirdilər: “CHP Baş Qərargahına polis vasitəsilə daxil olmaq qəbul edilə bilməz”. Onlar partiyanın parçalanmasının qarşısını almaq üçün ən qısa zamanda növbədənkənar qurultay keçirilməsini təklif edirlər.
Müxalifətə yaxın siyasi analitiklər hesab edirlər ki, AKP-MHP hakimiyyətinin əsas məqsədi CHP-ni uzunmüddətli daxili böhrana salmaqdır. Hakimiyyətin bu prosesdən gözləntiləri kimi bunlar göstərilir:
CHP-ni aylarla məhkəmə savaşının içində saxlamaq;
Özgür Özəl–İmamoğlu tandemini dağıtmaq;
Müxalifətin vahid namizəd ətrafında birləşməsinin qarşısını almaq;
2028 seçkiləri öncəsi müxalif düşərgədə ümidsizlik yaratmaq.
Çünki hakimiyyət çox yaxşı anlayır ki, 2024-cü il bələdiyyə seçkilərindəki məğlubiyyət AKP üçün ciddi psixoloji zərbə oldu və CHP ilk dəfə Türkiyənin əsas siyasi mərkəzinə çevrilməyə başladı. Bir neçə ildir, ölkə iqtisadiyyatını silkələyən, milli valyutanı dəyərsizləşdirən, əhalini səfalət girdabına sürükləyən böhran da Ərdoğan iqtidarının növbəti seçkilərdə qalib gəlmək şanslarını azaldıb. Rəy sorğularına görə, hakim AKP 30 faiz civarında səs ala bilər ki, bu da məğlubiyyət üçün açıq siqnaldır.
Müşahidəçilərə görə, iqtidar vəziyyətdən çıxış yolu kimi müxtəlif alətlərlə, o cümlədən məhkəmə və güc strukturlarının təzyiqi ilə ana müxalifəti parçalayıb nüfuzdan salmağa, əsas liderlərini seçkidən kənarda qoymağa çalışır. Hazırda işə salınan ssenari hədəfinə çata bilərmi?
Türkiyə siyasi kulislərində artıq ən çox müzakirə olunan ssenarilərdən biri budur:
Məhkəmə qərarı ilə CHP faktiki olaraq Kılıçdaroğlu qanadının nəzarətinə keçərsə, Əkrəm İmamoğlu və Özgür Özəlin böyük tərəfdarlar ordusu ilə birlikdə yeni siyasi hərəkat yaratması ehtimalı xeyli güclənəcək. CHP daxilində bir çoxları hesab edir ki, İmamoğlunun şəxsi reytinqi CHP markasından daha güclü hala gəlib, böyük şəhər bələdiyyələri onun arxasında dayanır. Həmçinin CHP elektoratının böyük hissəsi də “dəyişiklik komandası”nı dəstəkləyir. Bu səbəbdən CHP parçalanarsa, Türkiyədə yeni böyük mərkəz-sol partiya yarana bilər.
Mövcud böhran fonunda adı ən çox hallanan fiqurlardan biri də Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşdır. Qeyd edək ki, Yavaş proseslərin mərkəzində görünməsə də, Kılıçdaroğlunun oynadığı ssenariyə qarşı mövqe qoyaraq CHP rəhbərliyini dəstəkləyir. Yeni situasiyada onun müxalifətin ümumi namizədi kimi şanslarının hələ də qaldığı məlumdur.
Çünki o, CHP daxilindəki qruplaşmalardan nisbətən uzaq görünür, həm millətçi, həm mühafizəkar, həm də mərkəzçi seçicidən səs ala bilir, “sakit və dövlətçi fiqur” imicini qoruyub saxlayır. İmamoğlu üzərindəki hüquqi təzyiqlər daha da sərtləşərsə və CHP daxilində parçalanma dərinləşərsə, Mansur Yavaşın müxalifətin əsas ortaq namizədi kimi ön plana çıxması ehtimalı artır.
Yekunda qeyd edək ki, CHP ətrafında hakimiyyətin dəstəyi ilə yaşananlar Türkiyədə hakimiyyət-müxalifət balansını, 2028 seçkilərinin taleyini və Ərdoğandan sonrakı siyasi keçid prosesini müəyyən edə biləcək tarixi böhran yaradıb.
İndi bütün nəzərlər Ali Məhkəmənin verəcəyi qərara, CHP daxilində baş verəcək mümkün parçalanmaya, Əkrəm İmamoğlu və Mansur Yavaşın atacağı addımlara yönəlib. Qardaş Türkiyə isə bəlkə də son 20 ilin ən kritik siyasi dönəmlərindən birinə daxil olur.
Turqut