Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan”
Musabəyov: Ermənistanın baş nazirindən yüksək diplomatik məharət tələb olunacaq
09 İyul 2026
Ermənistanın Baş naziri Nikol Paşinyan Yekaterinburqda Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşdə bildirib ki, İrəvan Moskva ilə münasibətləri inkişaf etdirməkdə və Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirməkdə maraqlıdır. O, həmçinin iki ölkə arasında mövcud problemlərin müzakirə olunmasına çağırıb.
“Son vaxtlar münasibətlərimizdə müəyyən problemlər yaranıb. Əlbəttə, ümid edirəm ki, biz bu məsələləri müzakirə edərək, həll edəcəyik. Həm seçkilərdən əvvəl, həm də sonra Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək əzmində olmuşuq. Və əlbəttə ki, Avrasiya İqtisadi İttifaqında iştirakımızın davam etdirilməsində də maraqlıyıq”, – Paşinyan Yekaterinburqda keçirilən “İnnoprom” beynəlxalq sənaye sərgisi çərçivəsində görüşdə bildirib.
Paşinyan iyunun 7-də keçirilən parlament seçkilərindən sonra ilk dəfə Rusiyaya gedib. Seçkiqabağı dövrdə onun rəhbərlik etdiyi siyasi partiyanın Ermənistanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı təşəbbüsləri İrəvanla Moskva arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. Bunun fonunda Rusiya Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyətlər tətbiq edib. Paşinyan isə Avrasiya İqtisadi İttifaqını tərk etmək niyyətində olmadığını və Rusiya ilə münasibətləri korlamaq istəmədiyini bəyan edib.
Paşinyanın Yekaterinburqa səfəri göstərdi ki, Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələrdən imtina etməsi real deyil. Eyni zamanda, bu səfər İrəvanla Moskva arasında yaranmış etimadsızlığı aradan qaldırmadı. Üstəlik, Paşinyanın seçkilərdən sonra Rusiyaya ilk səfəri zamanı Vladimir Putinlə görüşü baş tutmadı.
Xatırladaq ki, “Rosselxoznadzor” 2026-cı il mayın 22-dən Ermənistandan gül idxalına, mayın 30-dan isə təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin idxalına müvəqqəti məhdudiyyət tətbiq edib. Bundan başqa, Rusiyaya “Cermuk” mineral suyunun bütün partiyalarının, eləcə də bəzi konyak və şərab növlərinin idxalı dayandırılıb, balıq idxalına isə ciddi məhdudiyyət qoyulub. İyunun 2-dən qadağa təzə üzümə və çəyirdəkli meyvələrə, o cümlədən albalı və gilasa da şamil edilib. İyunun 3-dən isə kartof, badımcan, tumlu meyvələr və quru meyvələrin idxalına da qadağa tətbiq olunub. Bütün bu məhdudiyyətlər hazırda da qüvvədədir.
“Bu görüş münasibətlərimizin gündəliyində duran bütün məsələləri müzakirə etmək üçün yaxşı imkandır. Necə deyərlər, seçkilərdən sonra mövqeləri bir daha dəqiqləşdirmək üçün münasib fürsətdir”, – Paşinyan Mişustinlə danışıqlar zamanı bildirib.
Mişustin isə öz növbəsində bəyan edib ki, Moskva Ermənistanın yeni hökumətinin Rusiya ilə münasibətlərin inkişafını davam etdirəcəyinə ümid bəsləyir. Onun sözlərinə görə, “qlobal iqtisadiyyatda qeyri-sabitliyə baxmayaraq”, Rusiya Ermənistanın ən böyük xarici ticarət tərəfdaşı olaraq qalır.
Bununla belə, Paşinyanın “İnnoprom” sərgisində iştirakı Moskva ilə İrəvan arasında formalaşmış qarşılıqlı etimadsızlığı aradan qaldırmayıb.
“Bu səfəri daha çox “nəzarətdə saxlanılan dialoq”un nümayişi kimi qiymətləndirmək olar. Əsas mesaj ondan ibarətdir ki, Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri qopara bilməz. Lakin bunu nə dönüş nöqtəsi, nə də münasibətlərin normallaşması adlandırmaq olar. Çünki Paşinyanın səfəri Moskva ilə İrəvan arasında mövcud etimadsızlığı aradan qaldırmayıb. Rusiya Ermənistanın Avropa İttifaqına yaxınlaşmasını istəmir. Eyni zamanda bu proses sürətlənir və regiondakı müxtəlif maraqları həm toqquşdurur, həm də bir-biri ilə sıx şəkildə əlaqələndirir”, – Ermənistanın Respublika Partiyasının İdarə Heyətinin üzvü Artak Zakaryan bildirib.
Xatırladaq ki, əvvəl Ermənistan hökuməti bundan əvvəl ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib. Bununla yanaşı, Rusiya rəhbərliyi dəfələrlə İrəvana xəbərdarlıq edib ki, eyni vaxtda həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmaq mümkün deyil. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropa İttifaqının standartları Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir. Vladimir Putin isə Kremldə Nikol Paşinyanla görüşü zamanı bəyan edib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu Avrasiya İqtisadi İttifaqına üzvlüklə uzlaşdırmaq mümkün deyil.
Beləliklə, Paşinyanın Mişustinlə görüşündə səsləndirdiyi son bəyanatlar əslində nədən xəbər verir? O, açıq şəkildə Avrasiya İqtisadi İttifaqını dəstəklədiyini və Ermənistanın bu qurumu tərk etmək niyyətində olmadığını bəyan edir. Bəs bu mövqe İrəvanın son aylarda Avropa İttifaqına doğru atdığı addımlarla necə uzlaşır? Axı son aylarda Brüsseldən Ermənistana çoxsaylı yüksək səviyyəli nümayəndə heyətləri səfər edib, ölkəyə milyonlarla avro maliyyə yardımı ayrılıb və Ermənistanın gələcəyinin Avropa İttifaqında olduğu barədə dalbadal bəyanatlar səsləndirilib. Bütün bunlardan dərhal sonra Paşinyanın Yekaterinburqda verdiyi açıqlamalar tamamilə fərqli mənzərə yaradır. Ermənistan rəhbərliyini belə ziddiyyətli siyasət yürütməyə nə vadar edir? İrəvan nəyə ümid edir?
Pressklub.az-ın suallarını Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov cavablandırıb.
.jpg)
Onun sözlərinə görə, Ermənistanın Rusiyadan iqtisadi asılılığı son dərəcə yüksəkdir. “Ermənistanın xarici ticarət dövriyyəsinin təxminən 40 faizi Rusiyanın payına düşür. Üstəlik, Rusiyadan ölkəyə daxil olan pul köçürmələrinin həcmi 3–4 milyard dollara çatır. Müqayisə üçün deyim ki, bu məbləğ Ermənistanın dövlət büdcəsinin təxminən yarısına və ya ümumi daxili məhsulunun 15 faizinə bərabərdir.
Ermənistan iqtisadiyyatının bütün əsas strateji sahələri hələ də Rusiyanın nəzarətindədir. Atom Elektrik Stansiyası, “Rusiya Dəmir Yolları”nın konsessiya əsasında idarə etdiyi dəmir yolları, qaz və elektrik şəbəkələri, su elektrik stansiyalarının böyük hissəsi... Həm stasionar, həm də mobil rabitə Rusiya operatorlarına məxsusdur. Hətta formal sahib Rusiya vətəndaşı olan etnik erməni olsa belə, bank sektorunun və sığorta bazarının əhəmiyyətli hissəsi də Rusiya şirkətlərinin nəzarəti altındadır, Məsələn, Samvel Karapetyan Ermənistanın elektrik şəbəkələrinin sahibi idi.
Belə vəziyyətdə Ermənistanın Rusiya ilə əlaqələri kəsməsi son dərəcə çətindir. Üstəlik, qaz ölkəyə güzəştli qiymətlərlə verilir. Buna görə də Nikol Paşinyan heç olmasa mövcud iqtisadi əlaqələri qorumaq üçün müvəqqəti həll yolları axtarmağa çalışır.
Digər tərəfdən isə Rusiya ilk növbədə siyasi məsələlərlə bağlı tələblər irəli sürür. Söhbət Avropa İttifaqına inteqrasiya prosesinin dayandırılmasından və parlamentdə Rusiyameyilli qüvvələrin daha geniş təmsil olunmasının təmin edilməsindən gedir. Xüsusilə də ultimativ şəkildə Tsarukyanın partiyasının parlamentə buraxılması şəkildə tələb olunurdu.
Lakin Nikol Paşinyan bu tələbləri qəbul etmədi. Tsarukyanın partiyası 4 faizlik seçki baryerini keçə bilmədi və parlamentdən kənarda qaldı”, – deputat bildirib.
Onun sözlərinə görə, Rusiyameyilli digər siyasi qüvvələrin rəhbərlərinə qarşı da cinayət təqibi başlanıb.
“Hazırda Robert Koçaryan və Samvel Karapetyan (“Güclü Ermənistan” Partiyası) barəsində istintaq aparılır. Qaqik Tsarukyanla bağlı da qanunsuz özəlləşdirmə, vergidən yayınma və son seçki kampaniyası zamanı seçicilərin kütləvi şəkildə ələ alınması faktları üzrə istintaq tədbirləri həyata keçirilir.
Belə bir şəraitdə Nikol Paşinyanın Rusiyaya səfər etməsi kifayət qədər cəsarətli addımdır. O, erməni kökləri olan Mixail Mişustinlə görüşüb və görünür, onun vasitəsilə Putin və Kremllə müəyyən kompromis əldə etməyə çalışır. Hərçənd bunu təsəvvür etmək çətindir. Hər halda, Paşinyan iqtisadi əlaqələrin azalmasının Ermənistan iqtisadiyyatı üçün ağır nəticələr doğurmaması və vəziyyətin böhrana çevrilməməsi üçün addımlar atır.
Avropa İttifaqının dəstəyi Rusiyanın Ermənistana qarşı tətbiq edə biləcəyi tədbirləri kompensasiya etmək gücündə deyil. Təkcə pul köçürmələrinin məhdudlaşdırılması və ya hər hansı bəhanə ilə qaz tədarükünün müvəqqəti dayandırılması Ermənistan üçün son dərəcə ciddi problemlər yarada bilər.
Belə vəziyyətdə Nikol Paşinyandan yüksək diplomatik məharət tələb olunacaq. Çox güman ki, o, müəyyən güzəştlərə də getməli olacaq. Siyasi məsələlərdə bunun baş verəcəyinə o qədər də inanmıram, amma iqtisadi sahədə belə addımlar tamamilə mümkündür. İstisna etmirəm ki, Paşinyan Rusiyanı bu və ya digər formada “Sülh kəsişməsi” (TRIPP) layihəsinə cəlb etməyə çalışacaq və ya yeni Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı qərarın Rusiya tərəfinin təklifləri nəzərə alınmaqla veriləcəyini vəd edəcək.
Bundan başqa, Samvel Karapetyanın Ermənistandan çıxmasına icazə verilib-verilməyəcəyi məsələsi də gündəmdə qalır. Paşinyanın kompromis axtara biləcəyi əsas mövzular məhz bunlardır. Görək, sonda buna nail ola biləcəkmi”, – Musabəyov fikrini yekunlaşdırıb.
Rauf Orucov